
Bakı. Trend:
Azərbaycan türk dünyasında enerji təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində səylərin təşviqində mərkəzi rol
oynayır.
Bunu Trend-ə Türk
Dövlətləri Təşkilatının Baş katibi Kubançıbek Ömüralıyev verdiyi
özəl müsahibədə bildirib.
Enerji sektoru isə prioritet olaraq qalır, çünki türk dövlətləri
birlikdə dünyanın aparıcı enerji tədarükçüləri üçlüyünə
daxildirlər. Birgə layihələr təkcə enerji təhlükəsizliyini
artırmır, həm də “yaşıl keçid” üçün platforma yaradır. Bunun parlaq
nümunəsi Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunan
enerji sahəsində strateji tərəfdaşlıqdır; bu tərəfdaşlıq Orta
Dəhliz boyunca “Yaşıl Enerji Körpüsü”nün yaradılmasına yönəlib”, –
deyə Ömüralıyev əlavə edib.
Bundan başqa, TDT baş katibinin sözlərinə görə, Azərbaycan,
Gürcüstan, Macarıstan və Rumıniya enerji sahəsində “yaşıl dəhliz”
təşəbbüsü çərçivəsində əməkdaşlığı inkişaf etdirirlər.
“Layihənin əsasını Qara dənizin altı ilə çəkiləcək yüksək
gərginlikli sualtı kabel təşkil edir. O, Cənubi Qafqazı Avropa
İttifaqının enerji sistemi ilə birləşdirəcək. Layihə əsasən külək
və günəş enerjisi olmaqla, Azərbaycanın və Gürcüstanın enerji
potensialını Rumıniya vasitəsilə Macarıstan və daha geniş Avropa
enerji şəbəkəsinə inteqrasiya etmək məqsədi daşıyır.
Azərbaycanın külək enerjisi potensialı xüsusilə təsirlidir – 157
QVt səviyyəsində qiymətləndirilir, bu isə ölkənin daxili tələbatını
xeyli üstələyir və Avropaya “təmiz enerji” ixracı üçün geniş
imkanlar açır. 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı SOCAR,
Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar” şirkətləri ilə təxminən 3,5 QVt gücündə
dəniz külək enerjisi layihələrinin işlənməsi üzrə Anlaşma
Memorandumu imzalayıb.

