
Bakı. Trend:
“Bakı Ağ Şəhər” layihəsi 2025-ci ildə Londondakı Vestminster
Sarayında (Lordlar Palatası) keçirilən 4-cü Qlobal Davamlılıq
Sammitində (GSSA) “İqlimə Davamlı Şəhər Planlaması – Davamlılığın
Şəhər İnkişafına və İqtisadi Artım Strategiyalarına İnteqrasiyası”
kateqoriyasında “Şəhər Davamlılığında Görkəmli Nailiyyət”
(Excellence in Sustainable City Development) mükafatına layiq
görülüb.
Trend xəbər verir
ki, bu nüfuzlu beynəlxalq sammit daha yaşıl və dayanıqlı gələcək
qurmaq məqsədilə qlobal liderləri, siyasətçiləri, sənaye
nümayəndələrini və davamlılıq sahəsində pionerləri bir araya
gətirib.
Layihəni tədbirdə “Bakı Ağ Şəhər”in davamlı inkişaf üzrə
tərəfdaşı olan ARUP (Böyük Britaniya) şirkətinin direktoru cənab
Stiven Kuk təqdim edib. O, Azərbaycanın innovativ şəhərsalma
təşəbbüsləri və strateji yaşıl layihələri barədə danışaraq, “Bakı
Ağ Şəhər”in “Xoşbəxt Şəhər” standartlarına uyğun qiymətləndirilməsi
nəticələrini bölüşüb.
Cənab Kuk vurğulayıb ki, “Bakı Ağ Şəhər” yaşıl binaların
layihələndirilməsi və tikintisi üzrə ilk təşəbbüslərdən biri olub,
burada CRREM (Carbon Risk Real Estate Monitor) qiymətləndirilməsi
aparılıb və BREEAM və LEED məsləhətçiləri ilə əməkdaşlıq
çərçivəsində enerji dayanıqlığının şəhər inkişafına inteqrasiyası
istiqamətində işlər davam etdirilir.
2011-ci il 24 dekabr tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
tərəfindən təməli qoyulan “Bakı Ağ Şəhər” layihəsi artıq ilk
onillikdə ölkənin ətraf mühit və şəhərsalma sahəsində beynəlxalq
nümunəyə çevrilib.
2024-cü ilin 11–24 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin
İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı “Bakı Ağ Şəhər” ekoloji
cəhətdən tərk edilmiş ərazilərin bərpası və davamlı tikinti
texnologiyalarının tətbiqi sahəsində uğurlu model kimi təqdim
olunub.
Layihə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə
təsdiqlənmiş “2006–2010-cu illər üçün Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı”
çərçivəsində həyata keçirilir.

