Gürcüstanın və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka
Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu
barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan
arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin
təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə
yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Tərəflər informasiya və təcrübə mübadiləsinin
intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki,
iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm
ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülhün və
sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş
verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.

Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə
təşəkkürünü bildirib və bu səfərin iki dövlətin müvafiq qurumları
arasında əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə
həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin
müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider
Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda
həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə
əklil qoyublar.