
Bakı. Trend:
31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya Uçuş.
İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend.
Sense the Future NOW) adlı möhtəşəm incəsənət festivalı
keçiriləcək. Festival incəsənət, mədəniyyət və ekologiyanı
birləşdirən genişmiqyaslı layihədir.
Trend xəbər verir ki, layihə Heydər Əliyev
Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir.
Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və
kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət
okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili
vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,
yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –
davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “Art
Weekend”in əsas elementi seçilib.
Festival çərçivəsində keçiriləcək tədbirlərdən biri Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq. Burada “Püstə
ağacı: yaddaşın kökləri” (“Püstə ağacı: Üç həyat damlası / The
Pistachio Tree: Three Drops of Life”) adlı multidissiplinar layihə
təqdim olunacaq.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun
(1935–2016) hekayəsi əsasında hazırlanan tamaşa insan və ağac
haqqında dözümlülük, yaddaş və ümid rəmzi olan bir hekayəni
danışır. Bu, kök, zaman və insanın daxili işığını qorumaq bacarığı
haqqında bir hekayədir.
Monospektakldə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov çıxış
edəcək.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna
İbrahimbəyova qeyd edib:
“Layihə üç elementi — incəsənət, ənənə və təbiəti birləşdirərək
vahid bədii məkan yaradır. Burada keçmiş və gələcək püstə ağacı
simvolunda qovuşur — bu ağac az su olan yerlərdə belə yaşamağı və
çətin şəraitdə həyatı qorumağı bacarır.
Ədəbiyyatı, ənənələri və ekologiyanı bir araya gətirən “Püstə
ağacı: yaddaşın kökləri” layihəsi bu ideyanı ifadə edir: Keçmişin
mədəniyyətini qoruyaraq, biz gələcəyin təbiətinə cavabdehik”.
“Püstə” xalçası, “Azərxalça” ustaları tərəfindən toxunaraq,
mədəni köklərin və milli ənənələrin obrazı kimi təqdim olunacaq.
Onun naxışları hekayənin mövzusu ilə səsləşərək ədəbiyyat,
sənətkarlıq və Azərbaycan mədəniyyətini birləşdirəcək.
Bundan əlavə, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq
Mərkəzinin qarşısında püstə ağacı əkiləcək. Bu ağac — təbiətə və
suya qayğı ilə yanaşmanın canlı rəmzidir. Bu jest, bədii ideyanı
əmələ çevirərək, insanı, incəsənəti və təbiəti eyni nəfəsdə
birləşdirəcək.

