
Bakı. Trend:
Azərbaycanda yeni dövlət xaricdə təhsil proqramı istifadəyə
verilib. Proqram çərçivəsində 500 tələbə müxtəlif səviyyələr üzrə
dünyanın aparıcı xarici universitetlərində təhsil ala biləcək.
Trend xəbər
verir ki, bunu Bakıda keçirilən “Avropada təhsil” sərgisinin
açılışında çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli
bildirib.
O, təxminən 200 tələbənin Avropa universitetlərində təhsil
almağı seçdiyini və gələcəkdə bu göstəricinin artacağına əmin
olduğunu qeyd edib.
Nazir müavininin sözlərinə görə, son illərdə Azərbaycanda təhsil
sisteminin inkişafı və onun əlçatanlığının artırılması
istiqamətində bir sıra islahatlar həyata keçirilir.
“Dövlət başçısının sərəncamlarına əsasən, 2022-ci ildən etibarən
ölkədə təhsil sahəsində genişmiqyaslı dəyişikliklər aparılıb. Bu
gün ali təhsilin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb, dövlət
sifarişli yerlərin və dövlət tərəfindən maliyyələşdirilən
proqramların sayı da xeyli yüksəlib”, – deyə Həsən Həsənli
vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda tələbələrin təxminən 50 faizi
ödənişsiz ali təhsil alır.
Nazir müavini, həmçinin müasir iqtisadiyyat üçün təhsil
sisteminin və ixtisaslı kadr hazırlığının inkişafının vacibliyini
qeyd edib:
“Elm və təhsil olmadan biz müasir dünyada zəruri olan bilik,
bacarıq və kompetensiyalara sahib ola bilmərik,” – deyə o fikrini
yekunlaşdırıb.

