
Bakı.Trend:
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə
şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə
edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında
köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400
manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov
barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, bu barədə polisə məlumat verə bilərlər.

