Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisi keçirir

Baş səhifə
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropada Təhsil sərgisi keçirir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisi keçirir.

“Report” xəbər verir ki, iki gün davam edəcək sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir.

Sərgi çərçivəsində Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər.

Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç “Report”a bildirib ki, bu sərgi artıq 3 ildir davam edir:

“Təmsil olunan ölkələr Bolqarıstan, Çexiya, Fransa, Almaniya, Litva, Malta, Polşa, İsveç, Azərbaycandan ADA və UFAZ təmsil olunur. Azərbaycanla əməkdaşlığa 2008-ci ildən başlamışıq. İndiyədək Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyib. Onlardan 26-sı tamamlanıb, 3-ü davam edir”.

“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.

Qeyd edək ki, “Avropada Təhsil” sərgisi 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək “Hilton” hoteldə baş tutur.