“Porsche” ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche” 2025-ci ilin
üçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyini
açıqlayıb.

Trend xəbər verir
ki, bu proqnozlaşdırılandan çox olan itki şirkət tərəfindən
strateji yenidənqurma prosesi ilə izah edilib.

Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilin
eyni dövrü ilə müqayisədə 99 faiz azalıb və 4 milyard avrodan 40
milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyat
itkisi qeydə alınıb.




Şirkət xüsusilə Çində satışların azalması və lüks avtomobil
bazarının iqtisadi zəifliyi səbəbindən böyük çətinliklərlə üzləşib.
ABŞ-ın yüksək idxal rüsumları da zərərlərə təsir göstərib.

Bununla yanaşı, strateji istiqamətin dəyişdirilməsi əlavə
xərclər yaradıb. “Porsche” planlaşdırılmış elektrik platformasının
tətbiqini təxirə salıb, batareya istehsalını dayandırıb və
daxiliyanma mühərrikli modellərə daha çox diqqət ayırır.

Qazancın kəskin azalmasına baxmayaraq, şirkətin gəliri və satış
həcmi cəmi 6 faiz azalıb. 2025-ci ilin sentyabrınadək “Porsche” 212
min avtomobil sataraq 27 milyard avro dövriyyəyə nail olub.