Xorvatiya Saboru hərbi təlimin bərpasını nəzərdə tutan qanunu qəbul edib

Baş səhifə

Bakı. Trend:

Xorvatiya parlamenti (Sabor) ilkin hərbi təlimin geri
qaytarılmasını nəzərdə tutan qanun qəbul edib.

Trend xəbər verir
ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

Qanun qüvvəyə mindikdən sonra nazirlik proqramın həyata
keçirilməsinə imkan verən əsasnamələri qəbul edəcək. Nazirlik
bildirib ki, hərbi təlimin bərpası Avropada dəyişən təhlükəsizlik
mühiti və təbii fəlakətlərin, böhranların sayının artması ilə
əlaqədardır.




Müdafiə Nazirliyinin sözlərinə görə, proqramın məqsədi gənclərə
böhran vəziyyətlərində lazım olan əsas hərbi bacarıqları öyrətmək
və bununla milli təhlükəsizliyi gücləndirməkdir. Məcburi hərbi
xidmətin ləğvindən sonra 17 il ərzində 17 nəsil, yəni təxminən
300.000 nəfər heç bir hərbi təlim almayıb.

Qanuna əsasən, hər il təxminən 4.000 yeni əsgər beş qrupa
bölünərək hərbi xidmətə çağırılacaq. 2026-cı ildə 2007-ci il
təvəllüdlü kişilər və 19 yaşdan yuxarı könüllülər təlimə
göndəriləcək. Qadınlar isə könüllü olaraq təlimdə iştirak edə
biləcəklər. Tibbi müayinələr üçün ilk çağırışlar 2025-ci ilin
dekabr ayında həyata keçiriləcək.