Bakı. Trend:
Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli
Sərəncamının icrası əlaqədar olaraq, Qida Təhlükəsizliyi Agentliyi
baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən
yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət
satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edir.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat
yayıb.
Bildirilib ki, ölkədə heyvan kəsiminin normativ tələblərə
uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və
qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması
istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət
tədbirləri görülür.
“Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra
hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı
məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı
qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul
olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan
kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata
keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir.
Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş
qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması
qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq
arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər
əsasında həyata keçirilə bilər.
Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların
yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının
alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz
xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli
qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün
dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin
60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması
üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən
keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd
fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan
kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır.
Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara
aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar
müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar.”

