
Bakı. Trend:
İlk növbədə Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ci
Assambleyasında uğrlu iştirakla bağlı hörmətli Sahibə xanım sizi və
sizin rəhbərliyiniz altında nümayəndə heyətini təbrik etmək
istərdim.
Trend xəbər
verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat
Soltan Məmmədov bildirib.
Deputat deyib ki, 5-ci ildönümünü qeyd etdiyimiz Vətən
müharibəsindən sonra Azərbaycan regionda “post-münaqişə dövrü
diplomatiyası” həyata keçirir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyən etdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlə
deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı
hörmət prinsipləri ilə möhkəmləndirir. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın
Vatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri də
Azərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalar
üzərindən sülh diplomatiyası qurduğunu göstərir.
Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən
amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm
ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir. Səfər
çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə
Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək
qiymətləndirildiyi xüsusi olaraq vurğulandı.
Roma Papası XIV Leo Birinci vitse-prezidenti hörmətli Mehriban
xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin
xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın
dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan
verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk
sıralarda yer aldığını qeyd etdi.
Eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi
ilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə təşəkkürünü ifadə etdi.”
S. Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə
Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və
mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində
böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və
rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb.
“Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq
və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir.
Bizim ölkəmiz ziddiyyətlərin artdığı, dövlətlər və xalqlar arasında
anlaşılmazlıqların çoxaldığı, beynəlxalq münasibətlərin
mürəkkəbləşdiyi bir dövrdə gərginliklərin azaldılmasına yönəlmiş
nümunəvi model yaratmağa və təqdim etməyə nail olub.
Hörmətli Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəri
Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının
möhkəmləndirilməsinə böyük töhfədir. Eyni zamanda Azərbaycanın
mədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkə
kimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin
bərpasında fəal rol oynadığını təsdiq edir.
Azərbaycan postmüharibə dövründə irəli sürdüyü ardıcıl
təşəbbüslər, həyata keçirdiyi siyasətlə göstərir ki, sülh təkcə
iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərində
qurulmalıdır. İnanırıq ki, region ölkələrinə və bütün dünyaya
verilən bu pozitiv mesajlar Cənubi Qafqazın tarixində çoxdan
gözlənilən yeni səhifəni açmağa imkan yaradacaqdır.”

