
Bakı. Trend:
Bu həftənin əsas siyasi hadisəsi Azərbaycan Prezidenti İlham
Əliyevin Qazaxıstan Respublikasına etdiyi dövlət səfəri oldu. Səfər
zamanı qarşılanmadan başlayaraq, keçirilən bütün görüşlər və
tədbirlər bu iki türk dövləti arasındakı münasibətlərə yeni işıq
saldı, onların əlaqələrinin qardaşlıq, dostluq və strateji
tərəfdaşdıq ruhunda inkişaf etdiyini göstərdi.
Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasında xalqlarımızın
ortaq etnik mənşəyə, eyni soy kökünə malik olması kimi mühüm
milli-mənəvi dəyərlər dayanır. Tarixin bütün dönəmlərində
Azərbaycan və Qazax xalqları qardaşlıq və dostluq telləri ilə
bir-birinə sıx bağlı olublar. Və bütün bunlar müasir dövrdə iki
dövlət arasında əlaqələrin təməlində dayanan dəyişməz meyarlardır.
Prezident İlham Əliyevin Astanada mətbuata açıqlamasında qeyd
etdiyi kimi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni
ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.
Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində
qururuq”.
Elə milli-mənəvi bağlılıqdan irəli gələrək Azərbaycanla
Qazaxıstan arasında bütün müstəvilərdə münasibətlər hər zaman çox
yüksək səviyyədə olub. Son 3 ildə Prezident İlham Əliyevin
Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayevin isə 6 dəfə
Azərbaycana səfər etməsi yüksək siyasi münasibətlərin və dövlət
başçılarının dostluğunun göstəricisidir. Digər tərəfdən, iki dövlət
arasında münasibətlərin hələ 20 il bundan əvvəl strateji
tərəfdaşlıq səviyyəsinə qədəm qoyması da dərin siyasi
münasibətlərdən xəbər verir. 2005-ci il may ayında Bakıda imzalanan
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında
strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında
Müqavilə” Azərbaycan və Qazaxıstan arasındakı dostluğun və
qardaşlığın rəmzinə çevrilib.
Yüksək siyasi münasibətlərin və strateji tərəfdaşlığın
nəticəsidir ki, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın
dairəsi olduqca əhatəlidir. Buraya iqtisadi-ticari, neft-qaz,
bərpaolunan enerji, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar,
həmçinin, mədəni-humanitar sahələrdə əməkdaşlıq kimi məsələlər
daxildir. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi
üçün imkanlar böyükdür. Səfər zamanı mübadilə olunan sənədlər də
bunu deməyə əsas verir.
Bu sırada iki dövlətin nəqliyyat-logistika sahəsində əməkdaşlığı
və Orta Dəhlizin inkişafına verdikləri töhfələr xüsusi
vurğulanmalıdır. Qeyd edək ki, Çin və Orta Asiyanı Avropa
dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu
olan Orta Dəhliz regional və qitələrarası ticarətin
möhkəmlənməsində strateji rol oynayır. Azərbaycanla Qazaxıstanın
Orta Dəhliz nəqliyyat marşrutunda yükdaşımalarının həcminin
artırılması istiqamətində həyata keçirdikləri səmərəli əməkdaşlıq,
indiyədək reallaşdırdıqları infrastruktur layihələri bu marşrutun
qlobal rəqabətdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
Bunun nəticəsidir ki, 2024-cü ildə Orta Dəhliz üzrə yükdaşımaların
həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Hazırda isə
Azərbaycan və Qazaxıstan dəhliz boyunca uzunmüddətli vahid
tariflərin müəyyənləşdirilməsi üzərində iş aparır. O cümlədən,
Qazaxıstan Aktauda konteyner qovşağı inşa edir, Azərbaycanda isə
Ələt limanının imkanları artırılır. Bütün bunlar, o cümlədən yaxın
gələcəkdə Zəngəzur dəhlizinin işə salınması Orta Dəhlizdə
səmərəliliyi daha da artıracaq, bütün marşrut üzrə fasiləsiz
tədarükləri təmin edəcək və planlaşdırıldığı kimi, yükdaşımaların
həcmini artırmağa imkan verəcək.
Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı Orta Dəhlizin
ötürücülük imkanlarının artırılması ilə bağlı qarşıda dayanan
vəzifələr bir daha nəzərdən keçirildi. O cümlədən iqtisadi-ticari
əlaqələrin genişləndirilməsinə diqqət yetirildi, ən yaxın
perspektivdə ikitərəfli əmtəə dövriyyəsinin ikiqat artırılması və 1
milyard dollara çatdırılması barədə razılığa gəlindi.
Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi əlaqələrin əsas
istiqamətlərindən birini də energetika sahəsində əməkdaşlıq təşkil
edir. Hazırda Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan marşrutu ilə
dünya bazarlarına çatdırılır. Keçən il Azərbaycan ərazisindən
keçməklə 1,5 milyon ton Qazaxıstan nefti ixrac olunub və gələcəkdə
bu həcmin artırılması nəzərdə tutulur. O cümlədən iki dövlət
arasında yaşıl enerjinin ixracı ilə bağlı əməkdaşlıq yaranıb. Xəzər
dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin
tikintisi isə Azərbaycanla Qazaxıstanın rəqəmsal inteqrasiyanı
təmin edəcək.
Səfərin əsas tədbirlərindən biri də Azərbaycan-Qazaxıstan Ali
Dövlətlərarası Şurasının ikinci iclasının keçirilməsi oldu. Qeyd
edək ki, bu format ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə
razılaşdırılan qərarların işlənib hazırlanması üçün səmərəli
mexanizmdir. Bu baxımdan Ali Dövlətlərarası Şura Azərbaycanla
Qazaxıstan arasında etimada və qarşılıqlı dəstəyə əsaslanan
münasibətlərini dərin məzmunundan xəbər verir.
Azərbaycan və Qazaxıstan ən çətin məqamlarda bir-birinə dəstək
olub. Torpaqlarımızın işğal altında olduğu illərdə Qazaxıstan bütün
beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
O cümlədən iki dövlət hər zaman bir-birinin uğuruna sevinib.
Qazaxıstan dövləti tərəfindən Füzuli şəhərində Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzi inşa olunması da bu sevincin, iki dövlətin
dostluğunun və qardaşlığının təcəssümüdür. Astanada mətbuata
bəyanatla çıxışında Prezident İlham Əliyev bildirdi ki, Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və
inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun
rəmzidir.
Azərbaycanın inkişafı həm regional, həm də qlobal müstəvidə
maraqla izlənilir. Prezident İlham Əliyev isə dünyanın ehtiramla
qarşılanan siyasi liderlərindəndir. Bu baxımdan Astanada dövlət
başçılarının mətbuata bəyanatla çıxışları zamanı Kasım-Jomart
Tokayevin Prezident İlham Əliyev barədə fikirləri hər birimizi
dərindən qürurlandırdı: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda
görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi
bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə
verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində
Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib.
Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən
əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb”, – deyə
Qazaxıstan Prezidenti bildirib.
Azərbaycan Qazaxıstan əlaqələrini başqa rakurslardan da
dəyərləndirə bilərik. Belə ki, bu əlaqələr həm də türk dövlətləri
arasında və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın
güclənməsinə xidmət edən lokomotiv rolunu oynayır. Digər tərəfdən,
Azərbaycan Qazaxıstan əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya
arasındakı iqtisadi inteqrasiyanı dərinləşdirir. Və bütün bunlar
onu deməyə əsas verir ki, bu iki ölkə arasında müxtəlif
müstəvilərdə həyata keçirilən əməkdaşlıq əlaqələri, fəal qarşılıqlı
fəaliyyət həm də geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki
arasındakı əlaqələrin, strateji tərəfdaşlığın, müttəfiqlik
qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, əməkdaşlıq
imkanlarının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb etdi. Bu səfər həm də Türk dünyasının mühüm siyasi hadisəsinə
çevrildi. Ona görə də Astanada əldə olunan razılaşmalar həm iki
dövlət arasında əlaqələrə impuls verəcək, həm də Türk Dövlətləri
Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına töhfə olacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

