
Bakı. Trend:
Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə
hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin
təbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən
məlumat verilib.
Bildirilib ki, Agentlik tərəfindən reklam fəaliyyətinə dövlət
nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və daxil olan
müraciətlər araşdırılır.
Qeyd olunub ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma
təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının
reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil
olub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal
platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında
qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş
reklamların yayımlandığı aşkar edilib.
Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və
satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə
hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata
alınmamış digər lotereyaların reklamına görə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət
tədbirləri nəzərdə tutulub.
Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar
Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib
və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə
göndərilib.
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun
32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları
və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna
olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının
(operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və
idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada
dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman
mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən
şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt
([email protected]) vasitəsilə müraciət edə bilərlər.

