Bakı. Trend:
“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında
təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin
tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov
Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun
vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları
tərəfindən təmin edilib.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə
əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən
şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan
qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər
görülür.

