Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə
qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371
namizəd iştirak edib.
Trend xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və
Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet
saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid
balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə
mərhələsinə dəvət olunacaqlar.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə,
məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyə
yanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək.
Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksək
nəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digər
iştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.

