
Bakı. Trend:
Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsinin
artması, işgüzar missiyaların təşkili və sahibkarlar arasında
əlaqələrin genişləndirilməsi iki ölkənin strateji maraqlarına
xidmət edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə
naziri Sahil Babayev bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət
və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası
və Azərbaycan-Serbiya biznes forumunda bildirib.
Nazir vurğulayıb ki, Serbiya Cənub-Şərqi Avropada Azərbaycanın
mühüm tərəfdaşıdır: “Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye,
turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrin
reallaşması bu əməkdaşlığı daha da genişləndirəcək”.
Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət
göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri
avtomagistral layihələri uğurla həyata keçirir. S.Babayev bildirib
ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və
yenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağı
məmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələri
daha da dərinləşdirəcək.

