
Bakı. Trend:
Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərən
Azərbaycan Cəmiyyəti 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü
münasibətilə tədbir təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib
ki, iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin tarixi, milli
kimlik və mədəniyyətin qorunması istiqamətində atılan addımlar
barədə ətraflı məlumat verilib. 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsinin xalqımız üçün necə mühüm tarixi
əhəmiyyət daşıdığı vurğulanıb. Tədbir səmimi və əyləncəli mühitdə
keçib, iştirakçılar arasında maraqlı söhbətlər, fikir mübadiləsi və
hədiyyələrlə dolu xoş anlar yaşanıb.
Azərbaycan Cəmiyyətinin rəhbəri Elmar Əmirov belə tədbirlərin
xaricdə yaşayan gənc soydaşlarımızın milli kimliyinin qorunub
saxlanmasında və ölkəmizə bağlılıqlarının möhkəmlənməsində mühüm
rol oynadığını qeyd edib.
Tədbirdə Edinburq Universitetində fəaliyyət göstərən
Türk Cəmiyyəti və Mərkəzi Asiya Türk
Cəmiyyətlərinin üzvləri də iştirak ediblər. Bu, tədbirin
daha geniş mədəni əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində
keçirilməsinə zəmin yaradıb.

