Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalında
Azərbaycan təmsil olunub. Festivalda Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi və Virciniya ştatında fəaliyyət göstərən
Azərbaycan Evinin təşəbbüsü ilə stend qurulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib
ki, stenddə milli geyimli gənclər, broşürlər və Azərbaycan
bayraqları vasitəsilə ölkəmizin zəngin tarixi, adət-ənənələri və
müasir siması nümayiş etdirilib. Ziyarətçilər səslənən milli
musiqilər və interaktiv təqdimatlarla ölkəmiz, eyni zamanda
Azərbaycan Evinin fəaliyyəti barədə məlumatlandırılıblar. Onlara
Azərbaycan bayraqları hədiyyə edilib.

Festival boyunca stendin fəaliyyətinə “CAN” Könüllülük və
İnkişaf Proqramının 7 fəal üzvü dəstək göstərib. Onlar
ziyarətçilərə ölkəmiz haqqında məlumat veriblər. Eyni zamanda,
gəncləri “CAN” Könüllülük və İnkişaf Proqramı çərçivəsində müxtəlif
layihələrə qoşulmağa dəvət ediblər.




Tədbir çərçivəsində soydaşlarımız ilk dəfə olaraq səhnədə
musiqili-mədəni proqramla çıxış ediblər. Bədii qiraət, muğam, vokal
ifalar, milli alətlərdə canlı musiqi və “İnnabi” rəqsi kimi
çıxışlar böyük maraqla qarşılanaraq, Azərbaycan mədəniyyətinin
zənginliyini və müxtəlifliyini sərgiləyib.

Azərbaycan stendi ətrafında yaradılan bayram ab-havası festival
iştirakçılarının birgə rəqsləri və yallı ifaları ilə daha da
şənlənib.

Qeyd edək ki, Vaşinqtonda keçirilən bu ənənəvi Türk Festivalı
müxtəlif ölkələrin mədəni irsinin nümayiş olunduğu, hər il on
minlərlə ziyarətçinin bir yerə toplaşdığı nüfuzlu beynəlxalq
tədbirlərdən biri kimi tanınır. Bu mühüm platformada Azərbaycanın
ilk rəsmi iştirakı ölkəmizin mədəni diplomatiyasının daha da
gücləndirilməsi istiqamətində mühüm addım olub.