Dövlət Neft Fondunun büdcəsi azaldıla bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının 2026-cı il üçün icmal büdcəsinin
gəlirləri 44,969 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu
da 2025-ci ilə nisbətən 1,019 milyard manat və ya 2,3 faiz,
xərcləri 48,839 milyard manat olmaqla 2025-ci ilə nisbətən 1,210
milyard manat və ya 2,5 faiz, 2024-cü ilin icrasına nisbətən isə
5,999 milyard manat (14 faiz) çoxdur.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 13,032 milyard manat
(2025-ci illə müqayisədə 1,420 milyard manat və ya 9,8 faiz az),
xərcləri isə 12,974 milyard manat (2025-ci illə müqayisədə 1,622
milyard manat və ya 11,1 faiz az) proqnozlaşdırılır.

Fondun xərclərinin 12,835 milyard manatını Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert,
7,1 milyon manatını “2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”nın, 99,2 milyon manatını
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın
və 32,8 milyon manatını “Ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli
673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplom
proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı
xərclər təşkil edəcək.