
“Fələstin Dövləti İsrail Knessetinin Fələstin torpaqlarını ilhaq etməyə yönəlmiş cəhdlərini, “İsrail suverenliyinin tətbiqi” adı altında dünən qəbul etdiyi qərarı ən sərt şəkildə pisləyir”.
APA xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.
Səfirliyin açıqlamasında bildirilib ki, “işğal altında olan Fələstin torpaqları, Qüds də daxil olmaqla, İordan çayının qərb sahili və Qəzza zolağı bölünməz coğrafi bütövlük təşkil edir və İsrailin bu torpaqlar üzərində heç bir suverenliyi yoxdur”:
“Bu torpaqlara suverenlik hüququ yalnız Fələstin xalqına və onun legitim rəhbərliyinə, Fələstin Azadlıq Təşkilatı şəxsində təmsil olunan rəhbərliyə məxsusdur.
Bu mövqe Fələstin xalqının öz vətəni olan Fələstindəki təbii, tarixi və hüquqi haqlarına, beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə əsaslanır.
Fələstin Dövləti vurğulayır ki, BMT üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilmiş Nyu-York Bəyannaməsi və onun əlavələrinin tətbiqi, İsrailin ilhaq və müstəmləkəçilik siyasətinə qarşı mübarizənin əsasını təşkil edir”.
Açıqlamada o da bildirilib ki, bu mövqeni dünən Beynəlxalq Ədalət Məhkəməsi də öz hüquqi rəyində təsdiqləyərək, işğalçı qanunun Fələstin torpaqlarına tam şəkildə tətbiq olunduğunu bəyan edib:
“Fələstin Dövləti bütün dövlətləri və beynəlxalq təşkilatları bu qərarı rədd etməyə, həmçinin işğalçı hakimiyyətin Fələstin torpaqlarını zorla və ya istənilən ad altında ələ keçirməyə yönəlmiş planlarının həyata keçirilməsinin qarşısını almaq üçün qəti tədbirlər görməyə çağırır.
Eyni zamanda, Fələstin Dövləti bu irqi ayrı-seçkilik siyasətinə qarşı geniş beynəlxalq cəbhənin formalaşdırılmasına və ilhaq, məskunlaşma cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı hesabatlılıq və cəza mexanizmlərinin aktivləşdirilməsinə çağırış edir”.

