
Bakı. Trend:
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş
mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 22 oktyabr
2025-ci il tarixində Suriya Ərəb Respublikasından 6 nəfər (2 qadın
və 4 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə
repatriasiyası həyata keçirilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən
edilib.
Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq
dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib,
repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata
keçirilməsi təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı
Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də
keçirilib.
Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına
çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası
üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

