Deputat Sevil Mikayılova IPU 151-ci Assambleyasının Cenevrədə keçirilən Ümumi debatlarında iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olan
vitse-prezidenti, deputat Sevil Mikayılova İPU 151-ci
Assambleyasının Cenevrədə (İsveçrə) keçirilən “Humanitar normalara
riayyət və böhran şəraitində humanitar fəaliyyətə dəstək”
mövzusunda ümumi debatlarda çıxış edib.

Trend xəbər verir
ki, öz çıxışında S. Mikayılova Azərbaycanın qlobal humanitar
fəaliyyətə çoxtərəfli və inklüziv yanaşmasının olduğunu
vurğulayıb.

“Azərbaycan münaqişə şəraitində insan hüquqlarının qorunmasına
sadiqdir. 2002-ci ildən etibarən ölkəmiz BMT Baş Assambleyasının
“İtkin düşmüş şəxslər” qətnaməsinin əsas həmmüəllifidir və BMT-nin
Qadınların Statusu Komissiyasının “Silahlı münaqişələrdə girov
götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” qətnaməsini
dəstəkləyir. 2023-cü ilin sentyabrında Azərbaycan Beynəlxalq İtkin
Düşmüş Qurbanlar Gününə həsr olunmuş və itkin düşmüş şəxslərə dair
ilk beynəlxalq konfransı təşkil edib”, – deyə S. Mikayılova əlavə
edib.

Millət vəkili həmçinin bildirib ki, parlamentlər humanitar
böhranlara reaksiyada mühüm rol oynayır.

Onun sözlərinə görə, bu məqsədlə siyasi iradənin səfərbər
edilməsi, inklüziv idarəetmənin təşviqi və ictimai dialoqun
gücləndirilməsi vacibdir. Çoxsəviyyəli, inklüziv və ədalətli
yanaşmanın tətbiqi son dərəcə vacibdir.

“Parlamentlər birgə fəaliyyət göstərərək beynəlxalq təşkilatları
operativ reaksiya üçün səfərbər etməli və humanitar yardım
məsələlərini beynəlxalq gündəmdə saxlamalıdırlar. Parlamentlərarası
İttifaq öz növbəsində mövcud boşluqların aradan qaldırmaq məqsədilə
işçi qrupunun yaradılması və ya fövqəladə iclasın keçirilməsi
imkanını nəzərdən keçirə bilər”, – deyə S. Mikayılova
vurğulayıb.

Qeyd edək ki, IPU 151-ci Assambleyası 19-23 oktyabr tarixlərində
Cenevrədə keçirilir. Assambleya çərçivəsində İPU-nun bütün
nizamnamə orqanları – Rəhbər Şura, daimi komitələr, Parlament
üzvlərinin insan hüquqları üzrə Komitə, Yaxın Şərq məsələləri üzrə
Komitə, Qadın parlament üzvləri Forumu və Gənc deputatlar Forumu
toplanır.