
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Tegeta Motors”
şirkəti üçün Gürcüstanın paytaxtı Tbilisidə yük avtomobilləri və
ağır texnika yönümlü yeni servis mərkəzinin tikintisinə 25 milyon
avro həcmində təminatlı prioritetli kreditin ayrılmasını
təsdiqləyib.
Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, layihənin ümumi dəyəri 31,8 milyon avro təşkil
edir.
“Layihə ölkənin avtomobil sektorunun əsas infrastrukturunun
inkişafına və mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına
yönəlib. “Tegeta Academy” təşəbbüsü çərçivəsində mexaniklər və ağır
texnika operatorları üçün təlim imkanları genişləndiriləcək ki, bu
da sahədə artan tələbatı qarşılamağa imkan verəcək”, – bank
məlumatında qeyd olunur.
Məlumata görə, şirkət AYİB-in dəstəyi ilə korporativ idarəetmə
üzrə Kompleks Fəaliyyət Planını həyata keçirəcək. Bunun məqsədi
şəffaflığı, direktorlar şurasının fəaliyyətinin səmərəliliyini və
beynəlxalq standartlara uyğunluğu artırmaqdır.
AYİB layihənin icrasına ekoloji və sosial aspektlər üzrə illik
hesabatlar vasitəsilə nəzarət edəcək, zərurət yarandıqda isə
obyektə səfərlər həyata keçirəcək. Bankın maliyyə dəstəyi hüquqi
auditin aparılması və korporativ idarəetmənin tətbiqi üçün texniki
əməkdaşlıq və qrantları, eləcə də Gürcüstanın avtomobil sənayesində
bacarıqların inkişafını əhatə edir”,- məlumatda qeyd olunur.

