
Bakı. Trend:
Almaniyanın dəmir və polad, eləcə də onlardan hazırlanan
məhsulların ixracı bu ilin səkkiz ayında 4,8 faiz azalıb.
Trend xəbər verir ki, bu
barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında
bildirilib.
Qeyd edilən dövrdə ölkədən xaricə ümumilikdə 39,9 milyard
avroluq dəmir və polad məhsulu ixrac olunub ki, bu da 2021-ci ildən
bəri ən aşağı səviyyədir. Ən çox ixrac Avropa İttifaqı ölkələrinə –
Polşa (3,7 milyard avro), Fransa (3,2 milyard avro) və Niderland (3
milyard avro) həyata keçirilib. ABŞ-a ixrac ötən ilin eyni dövrü
ilə müqayisədə 2,3 faiz az – 2,5 milyard avro olub.
Almaniyanın alüminium və alüminium məhsulları üzrə ixracı isə
12,6 milyard avro təşkil edib və ötən ilin eyni dövrü ilə
müqayisədə 5,1 faiz artıb. Lakin ABŞ-a ixrac 7,4 faiz azalaraq 419
milyon avro təşkil edib.
Almaniyanın dəmir və polad idxalının həcmi də azalaraq 34
milyard avroya düşüb. Bu sahədə azalma ötən ilin eyni dövrü ilə
müqayisədə 2,7 faiz təşkil edib. Ən çox idxal İtaliyadan (3,9
milyard avro), Avstriyadan (3,1 milyard avro) və Çindən (3 milyard
avro) həyata keçirilib. Alüminium idxalı isə 13,8 milyard avroya
yüksələrək 5 faiz artıb. Bu məhsulların idxalı əsasən Niderland,
Avstriya və İtaliyadan həyata keçirilib.

