
“Azərbaycanın strateji enerji baxışı Gürcüstansız mümkün olmazdı. Eyni zamanda Azərbaycansız Gürcüstanın bu gün malik olduğu enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən paneldə çıxışında deyib.
O, Azərbaycanla Gürcüstan arasında energetika sahəsində nümunəvi əməkdaşlığın olduğunu bildirib.
“Hər iki ölkə həmçinin yaxşı təşkilatçıdır. Biz müsbət keyfiyyətləri dəyərləndirib ona regional və qlobal əhəmiyyət qazandırmaq, tərəfdaşlıq etmək və maraqlı tərəfləri bir araya gətirmək bacarığına malikik. Yaşıl enerji sahəsində də ölkələrimiz eyni yanaşma nümayiş etdirir”, – nazir müavini söyləyib.

