
Bakı. Trend:
İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion
xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktik
tədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışı
məntəqələrində, xüsusilə də mal bazarlarında mexaniki təmizləmə və
dezinfeksiya tədbirlərinə başlanılıb.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və
Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda
yerləşən heyvan satışı bazarında baş tutub.
Bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar
Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnika vasitəsilə
ərazini tam şəkildə dərmanlayıblar. Profilaktik dezinfeksiya
tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında
törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə
biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planı
çərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud
olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə
yekunlaşacaq.

