
Bakı. Trend:
Azərbaycan öz tranzit marşrutlarının şaxələndirilməsinə
hədəflənib və Zəngəzur dəhlizini Orta Dəhlizin əsas uzantısı kimi
nəzərdən keçirir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta
Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə deyib.
“Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar avqustun 8-də əldə
olunub. Dünən isə məlum oldu ki,müstəqillik dövrümüzdə və
Ermənistanla müharibədən bəri ilk dəfə olaraq, erməni taxılının
ərazimizdən keçməsinə icazə verdik”, – deyə Rəşad Nəbiyev
bildirib.
Nazir bu marşrutun uzunmüddətli potensialına da diqqət
çəkib:
“Dəhlizin buraxıcılıq qabiliyyətini əlavə 15 milyon ton
artıracaq Zəngəzur dəhlizinin inkişafında böyük perspektiv
var”.
Rəşad Nəbiyev qeyd edib ki, Zəngəzur dəhlizi Poti və Batumi
limanları, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə mövcud
tranzit marşrutlarını tamamlayır.
“Bu, alternativ deyil, əksinə, bütün nəqliyyat istiqamətinin
etibarlılığını gücləndirən amildir. Əgər mən Çindən olan bir
müştəriyəmsə və yüklərimin Avropaya çatacağına əmin olmaq
istəyirəmsə, Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yolları
vasitəsilə müxtəlif marşrut variantlarına sahib olmalıyam”,- deyə
nazir izah edib.

