
Bakı. Trend:
Biz Orta Dəhlizin əhəmiyyətini həm Şərqdə, həm də Qərbdəki
tərəfdaşlarımızın diqqətinə çatdırmaq üçün bütün lazımı səyləri
göstəririk.
Trend xəbər verir
ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.
Nazir qeyd edib ki, uzun illər ərzində bəzi tərəfdaşlar bu
müstəqil və əsas nəqliyyat arteriyası kimi deyil, yalnız Şimal
Dəhlizinin əlavəsi kimi qiymətləndirirdilər.
“Orta Dəhliz Şimal marşrutundan qat-qat daha böyük əhəmiyyət
daşıya bilər”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin bu
istiqamətə marağı nəzərəçarpacaq dərəcədə artıb və həmin dövrdə
Azərbaycan artıq öz nəqliyyat infrastrukturunun genişmiqyaslı
modernləşdirilməsini həyata keçirmişdi.
“Biz, faktiki olaraq bütün dəmir yolu şəbəkəmizi yenilədik.
Minlərlə kilometr yeni dəmir yolu çəkilib, 9 beynəlxalq hava limanı
inşa olunub, onlardan 3-ü azad olunmuş ərazilərdə yerləşir”,- deyə
Rəşad Nəbiyev qeyd edib.
Nazir, həmçinin Azərbaycanın regional investisiyalarına da
toxunaraq ölkənin Bakı–Tbilisi–Qars dəmir yoluna yatırdığı təxminən
1 milyard ABŞ dolları həcmində sərmayəni xatırladıb. Onun sözlərinə
görə, bu, Azərbaycanın regional əlaqəliliyin gücləndirilməsi
ideyasına sadiqliyini nümayiş etdirir.
“Biz öz sərhədlərimizdən kənara çıxaraq dost və qonşu
Gürcüstanın infrastrukturuna sərmayə qoymuşuq”, – deyə o əlavə
edib.
Sonda Rəşad Nəbiyev vurğulayıb ki, Orta Dəhlizin uğuru yalnız
fiziki infrastrukturun inkişafından asılı deyil.
“Məsələ təkcə infrastrukturda deyil. Eyni zamanda bütün
bürokratik prosedurların – gömrük, sərhəd və digər məsələlərin də
uzlaşdırılması olduqca vacibdir”, – deyə nazir bildirib.

