Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 18-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA),
Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə
təşkilatçılığı ilə məktəblilər arasında “R.M. 90” proqramlaşdırma
müsabiqəsi keçirilib.

Trend xəbər
verir ki, Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik
yubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında seçim
mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindən
ibarət 50 nəfər iştirak edib. Finalçılar proqramlaşdırmanın C++ , “Phyton” dilləri istiqamətində bilik və bacarıqlarını
sınayıblar.

Müsabiqə başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın departament müdiri
Vüsalə Qurbanova sözügedən müsabiqənin əhəmiyyəti və üstünlüklərini
vurğulayaraq qalibləri təbrik edib, onlara gələcək karyeralarında
müvəffəqiyyətlər arzulayıb. Tədbirdə, həmçinin Azərbaycan Texniki
Universitetinin prorektoru, ICPC Azərbaycan üzrə Regional Müsabiqə
Direktoru və 49-cu ICPC Dünya Finalının direktoru çıxış
ediblər.




Tədbir qaliblərin mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Nəticələrə əsasən 1-ci yer üzrə 3 nəfər, 2-ci yer üzrə 3 nəfər və
3-cü yer üzrə 3 nəfər qalib müəyyən edilərək təltif olunublar.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd İT sahəsində ilk
azərbaycanlı mütəxəssisləri hazırlayan, Azərbaycanın ilk
proqramçısı hesab olunan “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin
irsini gənc proqramçılara çatdırmaq, sahə üzrə yeni istedadları
kəşf etmək, həmçinin gənclərə yeni bilik və bacarıqlar
qazandırmaqdır.