
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının
(PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə
Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri
Assambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxış
ediblər.
Belə ki, nümayəndə heyətinin üzvləri – deputat Sevil Mikayılova
təşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosunun
iclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya və
İnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdə
çıxış ediblər.
Milli Məclisin deputatı Kamran Bayramov PAİ-nin Sülh və
Beynəlxalq Təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatının işləri
Daimi Komitələrinin iclaslarında və ümumi müzakirələrdə çıxış
edib.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında
müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə
dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.
Nümayəndə heyətinin hər üç üzvü həmçinin Avrasiya Qrupunun
Görüşünə də qatılıblar.
Assambleya çərçivəsində keçirilən Asiya Parlament
Assambleyasının Koordinasiya görüşündə isə Milli Məclisin deputatı
Rizvan Nəbiyev iştirak edib.
Qeyd edək ki, 151-ci Assambleya çərçivəsində təşkilata üzv
ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının da
növbəti sessiyası keçirilib. Tədbirdə Milli Məclis Aparatının
rəhbəri Fərid Hacıyev çıxış edərək, Milli Məclisdə rəqəmsal
transformasiya sahəsində görülən işlər, tətbiq olunan müasir
informasiya texnologiyaları və bu istiqamətdə əldə edilən nəticələr
barədə məlumat verib.
Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament
İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının
2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu
da imzalanıb. Sənədi Təşkilatın Baş katibi Muhammed Xurayçi Niyass
və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev imzalayıblar.

