
Bakı. Trend:
Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks
istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə
hazırdır.
Trend xəbər verir
ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Tbilisi İpək
Yolu Forumunda çıxışında deyib.
“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan – sözün əsl
mənasında bu gündən etibarən, heç bir mübaliğəsiz – Türkiyədən
Azərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərinin
Ermənistan Respublikası ərazisi vasitəsilə tranzitini təmin etməyə
hazırıq. Həm yollar, həm də Ermənistan ərazisindəki sərhəd
infrastrukturu bunun üçün hazırdır”, – deyə o qeyd edib.
Paşinyan əlavə edib ki, siyasi baxımdan da Ermənistan Naxçıvan
Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında öz
ərazisi vasitəsilə tranziti təmin etməyə hazırdır.
“Lakin texniki baxımdan bu istiqamət üzrə hələlik Naxçıvan ilə
Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xəttinin təmiri
və ya yenidən qurulması tələb olunur. Mən əminəm — və siz də buna
əmin ola bilərsiniz — bu texniki məsələlər qarşıdakı iki-üç il
ərzində həllini tapacaq. Yaxın perspektivdə həmçinin Azərbaycanın
əsas hissəsini Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirən
boru kəmərləri və elektrik ötürmə xətləri, eləcə də
Azərbaycan–Ermənistan–Türkiyə istiqamətində əlaqələr də
yaradılacaq”, – deyə Ermənistan baş naziri qeyd edib.


