
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə
müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk
növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış
məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz
adımızdan və oxucularımızın adından təbrik etmək
istərdim.
– Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik
edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim
əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə
yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin
ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad
edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30
ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda
bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi
uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim
əzəli, tarixi torpaqlarımızdır.
Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda
olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə
qələbələrimizin tarixini!
Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət
başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan
azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə
qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm.
– Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə
həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq
doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin
erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri
buna parlaq sübutdur.
– İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma
qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda
saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları
bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim
gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini
necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün
mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını
görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını
aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi
materialların yayılmasının qarşısını almağa kömək edir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür
edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində
bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur.
Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və
Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən
xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil.
Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial
və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza
minnətdaram.
Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə
yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki,
Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə
də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha
çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər.
Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır.
– Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd
etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə
təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və
mərdlik nümayiş etdirir.
– Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki
beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq
normalarını tapdalayır.
Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy,
Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən
hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa
edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı?
Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə
məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar
həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün
bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı
yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional
qarşıdurmaya çevrilməsini arzu edir.
Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya
əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli
avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə
Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik,
bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi
müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi
işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair
Azərbaycan xalqının ismarıcıdır.
Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və
Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin
pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT
Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana
qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa son
qoymalıdır.
Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü
olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir.
Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir.
Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda
şərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən
bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş
hərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı
verirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhmət
eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq
olduğu cavab verilir.
Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların
ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və
normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim
bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən
uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş
əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan
xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.
– Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi
birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə
bir növ şüara çevrilmiş “Biz birlikdə güclüyük!” cümləsini hamımız
xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb
edir?
– Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və
Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün
çağırışları və çətinlikləri dəf edə bilərik.
Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə
bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və
hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox
ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik.
Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca
təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər
sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini
koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və
insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş
karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək
etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə
yayılmasından qoruya bildik.
Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və
iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O,
hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan
statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam
edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən
qüvvəyə minir.
Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son
günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil
müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər
tətbiq edilib.
Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu
unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə,
məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda
insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram.
Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa
və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər.
Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq.
Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə
qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.
Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda
dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü
maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim
xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb
edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla,
sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki
əsgərlərimizə kömək edir və onları qoruyuruq.
Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha
sübut edəcəyik ki, gücümüz birlikdədir!

