
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri
iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin
daha da möhkəmlənməsi baxımından mühüm hadisədir.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
Politoloq bildirib ki, Astana hava limanında rəsmi və yüksək
səviyyəli qarşılanma mərasimi Azərbaycan ilə Qazaxıstan arasında
qarşılıqlı hörmətin və etimadın bariz göstəricisidir. Bu səfər
iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın
genişləndirilməsinə təkan verəcək.
“Prezident İlham Əliyev isə çıxışında Qazaxıstanla əlaqələrin
çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıdığını qeyd etdi. O,
siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlığın
yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Dövlət başçısı
xüsusilə nəqliyyat-logistika əməkdaşlığını, o cümlədən Orta Dəhliz
və Zəngəzur dəhlizi layihələrinin əhəmiyyətini qeyd etdi. Bu
təşəbbüslər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə
Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham
Əliyev həmçinin Birgə İnvestisiya Fondunun fəaliyyətindən, artan
ticarət dövriyyəsindən və birgə iqtisadi layihələrdən danışdı. O,
Qazaxıstanın Qarabağın bərpasına verdiyi mənəvi və praktiki dəstəyə
görə təşəkkür etdi, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin dostluq
simvolu kimi əhəmiyyətini vurğuladı. Bu, iki ölkənin humanitar
sahədə əlaqələrinin də strateji xarakter aldığını göstərir.”
Bundan başqa, İlham Əliyev enerji sektorunda – həm ənənəvi, həm
də bərpaolunan enerji sahəsində – əməkdaşlığın perspektivlərindən
danışaraq, Xəzərin dibi ilə elektrik kabeli layihəsini gələcək
regional inteqrasiyanın mühüm mərhələsi kimi qiymətləndirdi.”
A.Qarayev qeyd edib ki, Ali Dövlətlərarası Şuranın ikinci iclası
Azərbaycan və Qazaxıstan arasında tam miqyaslı strateji
müttəfiqliyin dərinləşməsinə xidmət edən platforma rolunu
oynadı.
Burada yalnız siyasi münasibətlər deyil, həm də iqtisadi,
mədəni, humanitar və enerji sahələrində konkret layihələr müzakirə
olundu. Hər iki liderin çıxışları göstərdi ki, Bakı və Astana
bir-birini regional sabitlik və inkişafın əsas tərəfdaşı kimi
görür. Bundan əlavə, tərəflər Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığın gücləndirilməsinə, türk dünyasının
iqtisadi və mədəni inteqrasiyasının sürətləndirilməsinə xüsusi önəm
verdilər.”
A.Qarayev bildirib ki, Astanada Azərbaycan Prezidenti İlham
Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə
keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci
iclası iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ən
yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi.
“Bu görüş təkcə iki dövlətin qarşılıqlı əlaqələrinin
dərinləşməsi baxımından deyil, həm də türk dünyasında inteqrasiya
proseslərinin möhkəmlənməsi kontekstində mühüm siyasi və tarixi
əhəmiyyət kəsb edir. Astanada keçirilən bu görüş, mahiyyətcə,
Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsinə
keçidini simvolizə edir. Hər iki liderin çıxışlarında səslənən
fikirlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq təkcə
ikitərəfli deyil, regional və beynəlxalq miqyasda strateji xarakter
daşıyır. Bu iclas həm dostluq və etimadın, həm də birgə gələcəyə
yönəlmiş siyasi iradənin bariz təzahürü kimi tarixə düşdü.”

