
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə “Temple Montparnasse Plaisance”
zalında 8 Noyabr – Zəfər Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili
tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən
məlumata görə, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı
ilə baş tutub.
Tədbirin aparıcısı məşhur fransız jurnalist və publisist
Jan-Mişel Bryun çıxışı zamanı Şuşa ilə bağlı xatirələrini
iştirakçılarla bölüşüb. Azərbaycan Ordusunun qəhrəmanlığını, Zəfər
Gününün mənəvi əhəmiyyətini və azadlıq uğrunda qazanılan qələbənin
tarixi dəyərini vurğulayıb. Həmçinin Üzeyir Hacıbəylinin bənzərsiz
musiqi irsindən danışaraq, onun həm Azərbaycan, həm də dünya musiqi
mədəniyyətinə verdiyi töhfələri xüsusi qeyd edib.
Daha sonra “Trio Avey” ansamblı — Ağarahim Quliyev (fleyta),
Azusa Lozing (fortepiano) və Laure Volpato (violonçel) Azərbaycan
və Qərbi Avropa klassik musiqisindən seçmələr ifa edib. Üzeyir
Hacıbəylinin, Fikrət Əmirovun, İohann Sebastyan Baxın, Azusa
Lozingin əsərləri böyük maraqla dinlənilib və alqışlarla
qarşılanıb.
Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyev (Rövşən
Nur) tədbir müddətində incəsənətin birləşdirici gücünü və milli
qürurun təcəssümünü simvolizə edən rəsmlər çəkib.
Bu musiqili gecə Azərbaycan tarixinin, mədəniyyətinin və
incəsənətinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm
əhəmiyyət daşıyıb.

