
Bakı. Trend:
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin
cinayət işi üzrə bir sıra təfərrüatlar məlum olub.
Trend-in əldə
etdiyi məlumata görə, Ramiz Mehdiyevin ətrafında kompleks
əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon
Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı olub.
Bu həftə isə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev
dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir
sıra qərarlardan apellyasiya şikayəti veriblər. Onlar bu məqsədlə
DTX-nin vəsatəti əsasında cinayət işinin materialları ilə Səbail
Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.
Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ
keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və digər ünvanlarda aparılan
axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.
Bundan əlavə, mətbuatda dərc edilən məlumatlarda Ramiz
Mehdiyevin vəkili kimi yalnız Zaur Abıyevin adı hallanır. Lakin
məlumata görə, R.Mehdiyevin bir yox, üç vəkili var. Hələlik digər
iki vəkilin adı ictimaiyyətə açıqlanmır.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət
Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn
əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə
əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham
olunur.

