
Bakı. Trend:
2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində
“Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan
Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış
mərasimi keçirilib.
Bu barədə Trend-ə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə
həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik
sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xalq artisti
Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş
olunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin
Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi
videoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı
direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər
il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün,
cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu
platforma mühüm əhəmiyyət kəsb edib. İcraçı direktor QHT-ləri
prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67
tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu
nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib.
Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu
keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk
forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə
Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması
hədəflənir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd
edib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının
ərazisində 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmiş
ərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiya
proseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cür
görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında
əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının
Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə,
həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq
miqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya
şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq
Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli”
çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq
modeli üzərində qurulduğunu diqqətə çatdırıb: “Bu, yeni mərhələyə
yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək
deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək,
layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Bu gün
Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə,
işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir
naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər,
ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev
son illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçidin
gücləndiyini vurğulayıb. R.Hacıyev ilk dəfə QHT-lərə Dövlət Dəstəyi
Agentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini,
prosesdə əsas tərəfdaşın ANAMA olduğunu bildirib. O, bu müsabiqələr
çərçivəsində QHT-lərdən mina və PHS mövzusunda mühüm təşəbbüslər
gözlədiklərini ifadə edib, Forumun işinə uğurlar arzulayıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial Sərmayələr
Departamentinin direktoru Xalid Rəcəbov da ilk dəfə Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün
qrant müsabiqələri elan etdiklərini, bunun uğurlu başlanğıc
olacağına inandıqlarını qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc
Orucova Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daim
işgüzar olmasının vacibliyini önə çəkib, milli maraqların
müdafiəsində Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsini
təqdir edib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev
bildirib ki, “layihə yönümlü fəaliyyətinin yerini proses yönümlü
sistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaş
cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimi
səslənir: “Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin
məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Layihələr
keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin
edir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağa
daha yaxındır”.
Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə Səlim
Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə
həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Forum öz işini 4 panelə bölünərək davam etdirib.

