
Bakı. Trend:
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan
vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.
Trend-in
məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, Dövlət Agentliyinin aparatının işçisinə əmək
məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət
günlərinə düşən mükafat məbləğinin 30 %-i
miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində
fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə
mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat
məbləğinin 80 %-i miqdarında ödəniləcək.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət
orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan
“ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və
qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun
balına müvafiq miqdarda ödəniləcək.
Həmçinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər
dövlət orqanının işçisinə ayrılacaq vəsaitin bölgüsü “Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN
xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və
qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun
bal əsasında həyata keçiriləcək.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət
orqanlarının işçilərinə müvafiq ay üzrə hesablanan mükafat vahid
balına düşən məbləğ əsasında müəyyən olunacaq. Müvafiq dövlət
orqanının işçisinin vahid balına düşən məbləğin tapılması üçün
həmin dövlət orqanının işçilərinə bölünən vəsait bu işçilərin aylıq
yekun ballarının cəminə bölünəcək. Daha sonra “ASAN xidmət”
mərkəzlərində fəaliyyət göstərən müvafiq dövlət orqanının
işçilərinin aylıq yekun balı onların vahid balına düşən məbləğə
vurulmaqla aşağıdakı şərti misala uyğun onların mükafatı
hesablanacaq:
işçinin aylıq yekun balı – 76.65;
müvafiq dövlət orqanının işçiləri arasında müvafiq ay üzrə bölünən
vəsait – 799.2+2700 (300 manat x 9 işçi) =3499.2 manat;
müvafiq dövlət orqanının işçilərinin aylıq yekun ballarının cəmi –
664.81;
vahid bala düşən məbləğ – 3499.2/664.81 = 5.26 manat;
müvafiq ay üzrə işçiyə hesablanan mükafat – 76.65 * 5.26= 403.44
manat
Məlumat üçün bildirək ki, qərar oktyabrın 2-də qəbul edilib,
oktyabrın 13-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
oktyabrın 14-dən qüvvəyə minib.

