
Bakı. Trend:
Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək şəviyyədə
inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda
maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir.
Dövlətimizin başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına
(TDT) üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər
kəsə məlumdur. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər,
irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf
trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak
rolunu oynayır.
Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin
timsalında Türk dünyasının birliyinin şahidinə çevrilir. Prezident
İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a
eksklüziv müsahibəsində “Azərbaycan ilə Qazaxıstan arasında siyasi
əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə
xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında
tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk
kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi
dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və
müttəfiqlik münasibətləri qurmuşuq”, söyləyərək onu da bildirdi ki,
bu, mənim son üç ildə qardaş ölkəyə yeddinci səfərimdir.
Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə
etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart
Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş
dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və
iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla
həyata keçirilməsi xüsusi təsir bağışlayır. Son üç ildə Prezident
Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar
ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji
fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan
əlavə, müntəzəm təmaslar gündəlikdə duran aktual məsələləri
operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri
üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya
ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə
mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi
Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə
Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq
ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə
malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident
İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət
səfəri edib. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Bu səfəri
münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirə bilərik.
Prezidentlərin keçiriləcək görüşləri, müzakirə olunacaq məsələlər
iki ölkənin ikitərəfli gündəliyinə bir daha aydınlıq gətirəcək.
Azərbaycan-Qazaxıstan münasibətləri dərin köklərə malikdir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və
dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.
Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə
söykənir. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin
bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hər
iki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələrimiz
arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın
yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
İkitərəfli əlaqələrimizin hazırkı vəziyyəti azad edilmiş
ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın
ifadəsini tapır. Belə ki, Füzuli şəhərində Qazaxıstan Prezidenti
tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib
istifadəyə verildi. Ötən ilin martında Mərkəzin açılış mərasimində
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirmişdi ki, biz
qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə
sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş
həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və
şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki,
bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın
gələcəyinə böyük nikbinliklə baxıram.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan-Qazaxıstan birliyi Türk
dünyasının həmrəyliyinə böyük töhfədir. Onu da qeyd edək ki,
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi
əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada
təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı
Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə
bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.
Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb.
İndiyədək Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd
işlənib hazırlanmış, siyasi, iqtisadi-ticari, investisiya,
mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq
mexanizmləri yaradılmışdır. Prezident İlham Əliyev sözügedən
müsahibəsində diqqəti bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə
Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etdi.
Onu da vurğuladı ki, bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının
müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən
illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq
əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan ilə Qazaxıstan arasında
iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə
ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın
müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses
məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri
arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq
münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.
Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın
kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək
etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da
genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Dövlət başçısı İlham
Əliyev müsahibəsində qarşılıqlı ticarətdə müsbət dinamikanın özünü
aydın şəkildə göstərdiyini önə çəkərək vurğuladı ki, Azərbaycan ilə
Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon
dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara
çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və
davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin
müsahibəsində səslənən fikirlər Azərbaycan-Qazaxıstan
münasibətlərinin möhkəm təmələ əsaslanaraq yalnız bu gün üçün
deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir. İki
ölkə liderləri arasında formalaşmış etimad mühiti, şəxsi
münasibətlər əlaqələrimizin inkişafında öz sözünü deyir. Bütün
bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni
əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan
sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf
edəcək və genişlənəcək.

