
Bakı.Trend:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və
Sertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkin
materiallarının sertifikatlaşdırılma xidmətlərinin həyata
keçirilməsi üçün AZS ISO/ IEC17065:2021 “Uyğunluğun
qiymətlənədirilməsi – məhsulların, proseslərin və xidmətlərin
sertifikatlaşmasını aparan orqanlara dair tələblər” standartına
uyğun akkreditasiya olunub.
Bu barədə Trend-ə Aqrar Xidmətlər Agentliyindən məlumat
verilib.
Bildirilib ki, mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrə
ümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək
hüququ əldə edib.
Bu sertifikatlaşdırma prosesi uyğunluğu təsdiqləyərək, yerli
istehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, daxili və
xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait
yaradır. Kənd təsərrüfatı məhsullarının mənşəyi, keyfiyyəti və
təhlükəsizliyinin təmin olunmasına, həmçinin aqrar sahədə
xidmətlərin etibarlı və şəffaf qiymətləndirmə mexanizmlərinin
tətbiqini təmin edir. Bu nailiyyət ölkəmizdə toxumçuluq və bitki
istehsalında keyfiyyətə nəzarətin gücləndirilməsi, beynəlxalq
tanınan standartların tətbiqi və aqrar sahədə idarəetmə
mexanizmlərinin genişlənməsi baxımından mühüm addım hesab
olunur.
Qeyd edək ki, ISO/IEC 17065 – məhsul sertifikatlaşdırması aparan
qurumlara tətbiq olunan bazal beynəlxalq standartdır və uyğunluğun
qiymətləndirilməsində yüksək etimad səviyyəsini təmin edir. Bu
standartın tətbiqi toxumların keyfiyyət göstəricilərinə, sort
təmizliyinə, cücərmə qabiliyyətinə, nəmliyinə, xəstəliklərə
davamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğunu
elmi əsaslarla təsdiq etməyə imkan verir.

