
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin
iclasında müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası
Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin
keçirilməsi haqqında” 2025-ci il 17 sentyabr tarixli Sərəncamının
icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə
olub.
Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, iclasda AMEA-nın prezidenti akademik İsa
Həbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraq
Rəyasət Heyəti tərəfindən sentyabrın 29-da qərar qəbul edilib və
AMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına,
regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150
illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının
hazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai Elmlər
Bölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli
vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflər
əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xan
Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının
layihəsi hazırlanaraq Rəyasət Heyətinə təqdim olunub.
Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər
planını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xan
Xoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenal
şəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskinin
həyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatında
Fətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçilik
tarixində Fətəli xan Xoyski irsi – ədalətin, vətənpərvərliyin və
istiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xan
Xoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s.
tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının və
digər kitabların nəşr edilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəli
xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər
planını təsdiqləyib.

