
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC qlobal
səviyyədə genişzolaqlı rabitənin inkişafına yönəlmiş təşəbbüsləri
dəstəkləmək məqsədilə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasına
(WBBA) üzv olub.
Bu üzvlük “Aztelekom”un yalnız ölkə daxilində deyil, qlobal
dünyada da texnoloji cəmiyyətin fəal iştirakçısına çevrildiyinin
bariz nümunəsidir.
“WBBA” dünyanın müxtəlif ölkələrindən olan telekommunikasiya
şirkətləri, texnologiya təminatçıları və tənzimləyici qurumları bir
araya gətirən nüfuzlu platformadır. Assosiasiyanın əsas məqsədi
genişzolaqlı internetin əlçatanlığını artırmaq, texnoloji
innovasiyaları təşviq etmək və rəqəmsal inklüzivliyi
gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda bu assosiasiyaya üzv seçilən ilk
şirkət məhz “Aztelekom”dur.
“Aztelekom”un “WBBA”də təmsil olunması şirkətə qlobal tərəfdaşlıq
imkanları, ən son texnologiyalara çıxış, sənaye üzrə qabaqcıl
biliklərin paylaşılması və rəqəmsal strategiyaların formalaşmasında
iştirak kimi üstünlüklər qazandıracaq.
Xatırladaq ki, “Aztelekom” cari ilin may ayında gigabit sürətli
genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi
yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə
Assosiasiyasının (WBBA) təltif etdiyi
“Gigacity Champion” mükafatına layiq görülüb.
Son bir ildə
“Speedtest Award for Fastest Fixed Network”, “Best
Practice of Home Broadband Development Award” və
“Gigacity Champion” kimi beynəlxalq mükafatlarla təltif olunan
“Aztelekom” ölkə tarixində bu üç mükafatı qazanan ilk sabit şəbəkə
provayderidir.

