Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin xüsusi
tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran İslam
Respublikasına səfər edərək, bu ölkənin xarici işlər naziri Seyid
Abbas Ərağçi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri
Mehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə
görüşlər keçirib.

Trend-in
məlumatına görə, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli
münasibətlərin cari vəziyyəti, xüsusilə İran Prezidentinin ölkəmizə
səfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev və
Prezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalar
əsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq iki
ölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişaf
perspektivləri müzakirə olunub.

Tərəflər regionda təhlükəsizlik və sabitliyin
möhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlara
əsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davam
etdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilən
enerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrası
vəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regionda
maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi
aparılıb.

Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin
gündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.