
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor
qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramı başa
çatıb.
Trend xəbər verir ki, iştirakçılar proqram çərçivəsində
Diasporla İş üzrə Dövlət Komitəsində olublar.
Onlar Komitənin strukturu, həyata keçirilən layihələr barədə
bilgiləndiriblər. Komitənin şöbələrinin məsul əməkdaşları
təqdimatlarla iş prosesi barədə ətraflı məlumat veriblər.
Qonaqlar, eyni zamanda Diaspor TV-nin studiyası ilə tanış
olublar. Onlara televiziyanın fəaliyyəti, yayımlanan proqramlar və
media işinin diaspor siyasətində rolu haqqında danışılıb.
İştirakçılar Diaspor TV-yə müsahibə verərək səfərləri və
“INTERNSHIP” proqramı ilə bağlı təəssüratlarını bölüşüblər.
Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv və
müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmilərinə Ulu Öndərin
həyat və fəaliyyətdən geniş bəhs edilib, aidiyyəti eksponatlar
göstərilib.
Rəsmilər, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
olub, icraçı direktorla görüşüblər. Onlar Azərbaycanın
çoxmədəniyyətli dəyərləri və multikulturalizm siyasəti, eləcə də
mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar.
Xalça Muzeyi və Qobustan Milli Parkında qonaqlar ölkəmizin milli
sənət nümunələri və qədim tarixini əks etdirən abidələrlə yaxından
tanış olublar.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi
ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP”
(təcrübə) proqramının iştirakçıları Qazaxıstan Respublikasının
“Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan
Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar
məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr
Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi
Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və
Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və
Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun
tədqiqatçısı Daniel Gazsodur.

