“Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldıldı

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC
tərəfindən sərnişin tələbatının qarşılanması və məmnunluğunun
artırılması məqsədilə daha bir sahədə qatarların hərəkət intervalı
azaldılıb. Belə ki, “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş
günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik
optimallaşdırılıb.

Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildiriklib ki, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə
aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız
bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə
tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla
yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12
dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

Qeyd edək ki, qatar hərəkətinin təhlükəsizliyini təmin edən
sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə
sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş
rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail
olunub.




Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni
zamanda ümumi xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması
istiqamətində texniki və təşkilati tədbirlərin davamlı şəkildə
həyata keçirilməsi bundan sonra da diqqət mərkəzindədir.

Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında
yerləşdiriləcək.