
Bakı. Trend:
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava
Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin
kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi
yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri
qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.
Trend xəbər verir ki, bu
barədə AZAL məlumat yayıb.
Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq
ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə
lazımi tədbirləri yerinə yetirib.
Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq
hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq
vəziyyətinə gətirilib.
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına
uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi
kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub.
Xəsarət alan yoxdur.
Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq
digər AZAL təyyarəsi göndərilib.

