Prezident İlham Əliyev: Bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir

Baş səhifə

Bakı. Trend:

Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji
problemlərlə üz-üzədir.


Trend
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: Ən aktual məsələlərdən biri
dayazlaşma – həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun
səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər
Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması
məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq
pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun
səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.

Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx
əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və
nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib
hazırlamaq çox vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı
ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin
dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji
tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi
zərurəti yaradır.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr
regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi
təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu
etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər
dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və
birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.”