Qəzza zolağından olan, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailə hücumunda iştirak etməkdə şübhəli bilinən şəxs ABŞ-nin Luiziana ştatında saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Qurum iddia edib ki, həmin gün şübhəli Mahmud Amin Yaqub əl-Muhtadi silahlanaraq və daha çox adam toplayaraq HƏMAS-a terror hücumunu həyata keçirməyə kömək etmək üçün İsrail sərhədini keçib.
“Mahmud Amin Yaqub əl-Muhtadi ABŞ ərazisinə 2024-cü il sentyabrın 12-də daxil olub, bundan əvvəl viza sənədlərini təqdim edərkən özü haqqında yanlış məlumatlar verib”, – nazirliyin bəyanatında qeyd edilib. Onun Fələstinin Azadlığı üçün Demokratik Cəbhənin hərbi qanadına daxil olduğunu bildirmədiyi xüsusilə vurğulanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Hücum zamanı sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və 250-dən çox şəxs girov götürülüb. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və bütün oğurlanmış insanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

