Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə “qardaş bazarlar şəbəkəsi” qurulacağını bildirib.
“Report” xəbər verir ki, E.Tatar bu barədə ŞKTR-də bazar günü keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası çərçivəsində təşkil etdiyi mitinqdə çıxışı zamanı danışıb.
O bildirib ki, ölkəsi artıq hücum diplomatiyasına keçib:
“Hücum diplomatiyası kommunikasiyada, kənd təsərrüfatında, təhsildə, turizmdə, istehsalda ana vətən Türkiyə və türk dövlətləri ilə birlikdə daha çox xidmət veriləcəyi mənasına gəlir”.
Oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirildiyini xatırladan Ersin Tatar: “TDT-yə üzv ölkələrlə “qardaş bazarlar şəbəkəsi” quracağıq”, – deyə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 19-da ŞKTR-də prezident seçkiləri keçiriləcək. Hazırkı dövlət başçısı Ersin Tatar yenidən bu posta namizəddir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

