
Bakı. Trend:
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Trend xəbər
verir ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını
qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal
Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci
il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan
Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu
təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin
bərpa edilməsinin 33-cü ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub,
1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycan xalqı 1991-ci ildən sonra dördüncü dəfədir ki, bu
bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib
xalq kimi qeyd edir.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan
Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri
Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan
səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar
iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib.
Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik
Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi
Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan
edilib.
Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş
günüdür.

