Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 17-də
davam etdirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Əvvəlcə hakim Zeynal Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş
şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət
ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini,
ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və
iclasda elan olunmasını xahiş ediblər.
Tərəflər həmin zərərçəkənlərin ibtidai istintaq zamanı
verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz
etməyiblər.
Z.Ağayev deyib ki, həmin ifadələr növbəti iclaslarda elan
olunacaq.
Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam
etdirilib.
Belə ki, təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako
Sahakyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Davit
İşxanyan, Levon Mnatsakanyan və digərlərinin bir sıra internet
informasiya resurslarına müsahibələri, keçirdiyi görüşlərdə
açıqlamaları və səsləndirdikləri fikirlər, eləcə də sosial
şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.
Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda,
çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini
düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan
Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və
digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və
terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.
Sənədlərin elanı başa çatdıqdan sonra iclasa sədrlik edən
təqsirləndirilən şəxslərə həmin sənədlərə münasibət bildirmələri
üçün söz verib.
Təqsirləndirilən şəxs L.Mnatsakanyan çıxış edərək, onun Cıdır
düzündə erməni jurnalistə verdiyi müsahibənin yenidən tədqiq
olunmasını istəyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə
iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı
nümayiş etdirildiyini və Levon Mnatsakanyanın da bununla bağlı
dövlət ittihamçılarının suallarını cavablandırdığını deyib.
Vurğulayıb ki, sözügedən müsahibə həmin iclasda tədqiq olunanda
Levon Mnatsakanyan razılaşmadığı hissələrə dair fikirlərini
bildirib və bu, iclas protokolunda da öz əksini tapıb. Dövlət
ittihamını müdafiə edən prokuror həmin sübutun yenidən tədqiqinə
ehtiyac olmadığını deyib və məhkəmədən qeyd olunanların nəzərə
alınmasını xahiş edib.
Bundan sonra hakim Zeynal Ağayev sözügedən videomüsahibənin
nümayiş olunduğu iclasın protokolundan Levon Mnatsakanyanın
narazılığını bildirdiyi hissəni elan edib.
Ardınca təqsirləndirilən D.İşxanyan məhkəməyə müraciət edərək,
Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın
mediaya müsahibəsinin videosuna baxmağa şərait yaradıldığını
bildirib.
Qeyd edək ki, D.İşxanyan əvvəlki məhkəmə iclasında həmin
videonun təqsirləndirilən şəxslərə verilən planşetə yüklənməsini
istəmişdi.
D.İşxanyan, həmçinin qondarma rejimin “ordusunun qərargah
rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənədin surəti
ilə tanış olmaq istəyib.
Əmrin surəti tanış olmaq üçün təqsirləndirilən şəxsə təqdim
edilib.
Bundan başqa, təqsirləndirilən şəxslər Davit İşxanyan və David
Babayan elan edilmiş sənədlərdə göstərilən bir çox xüsusatla razı
olmadıqlarını bildirdilər.
Təqsirləndirilən şəxs A.Qukasyan çıxışında elan olunan
sənədlərlə bağlı növbəti məhkəmə iclasında münasibət bildirməsinə
şərait yaradılmasını məhkəmədən xahiş edib.
Hakim Zeynal Ağayev xahişin nəzərə alınacağını bildirib.
Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

